Sosioloq-alim, sosiologiya üzrə fəlsəfə doktoru Əfqan Musa oğlu Vəliyev 3 iyun 1974-cü ildə Qərbi Azərbaycanın Göyçə mahalının Basarkeçər rayonunun Güney kəndində anadan olub. 1992-ci ildə Goranboy rayonunun Dəyirmanlar kənd orta məktəbini bitirdikdən sonra Türkiyə Cümhuriyyətinin İstanbul Universitetinin Sosiologiya fakültəsinə daxil olmuş, 1996-cı ildə həmin fakültəni bitirmişdir. 1999-cu ildə “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə” mövzusunda magistr dissertasiyasını müdafiə etmiş, 2004-cü ildə isə İstanbul Universitetində “Azərbaycanda yeniləşmə və milliyətçilik hərəkatı (1800–1918)” mövzusunda dissertasiya müdafiə edərək sosiologiya üzrə fəlsəfə doktoru (PhD) elmi dərəcəsini almışdır.
2005-ci ildə “Azərbaycanda yeniləşmə və milliyətçilik hərəkatı (1800–1918)” adlı monoqrafiyası nəşr olunmuş, 2006-cı ildə “Azərbaycan siyasi düşüncə tarixi və Mirzə Bala Məmmədzadə” əsəri kitab şəklində çap edilmişdir. 2009-cu ildə “Tarixdən günümüzə Azərbaycan” adlı kitabı işıq üzü görmüşdür. Müxtəlif illərdə Türkiyə və Azərbaycanda elmi jurnallarda və mətbuat orqanlarında çoxsaylı məqalələrlə çıxış etmişdir.
2018-ci ilin yanvar ayında Azərbaycana qayıtmış, 2018–2019-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində, 2019–2026-cı illərdə isə “Sosial Tədqiqatlar Mərkəzi”ndə müxtəlif vəzifələrdə çalışmışdır. 2022-ci ildə Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü seçilmişdir.
“Sosial Tədqiqatlar Mərkəzi” tərəfindən nəşr olunan “İstiqlal” (2020), “Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz” (2021) və “Qərbi Azərbaycana qayıdış: tarixi torpaqlarda maddi-mədəni irsimiz” (2022) kitablarının müəllifidir. 2019-cu ildə “Azərbaycan Xalq Cümhuriyyəti” yubiley medalı ilə təltif olunmuşdur. Ailəlidir, üç övladı var.