Yunis Orucov 1977-ci il dekabrın 21-də Ermənistan SSR-nin Masis rayonunda (keç. Zəngibasar, daha əvvəl isə Uluxanlı) anadan olub. O tələbəlik illərindən mətbuata gəlib. Onun ilk iş yeri “Yeni Azərbaycan” qəzati olub. 90-cı illərin sonundan başlayaraq qəzetdə bir çox mövzularda maraqlı məqalələri dərc olunan Yunis Orucov 2006-2022-ci illərdə televiziya sahəsində fəaliyyət göstərib. Azərbaycan Televiziya və Radio Verilişləri QSC-də (AzTV) müxbir, şef-redaktor, baş redaktorun müavini, informasiya proqramları departamentinin direktor müavini və direktoru vəzifələrində çalışıb. O, xəbər işi ilə yanaşı, ictimai-siyasi, iqtisadi, sosial və mədəniyyət mövzularında bir çox sənədli televiziya filmlərinin ssenari müəllifidir. O, həmçinin böyük tamaşaçı rəğbəti qazanan “Jurnalist araşdırması” verilişinin müəllifi və aparıcısı olub. İndiyə qədər Qafqaz İslam Ordusuna, XX əsrin 30–50-ci illərdəki repressiya dövrünün əsas həbs düşərgələri olan KARLAQ və ALJİR-ə, Nargin adasının tarixinə, Azərbaycan Cümhuriyyətinin müstəqilliyinin beynəlxalq miqyasda tanınmasının 100 illiyinə, Ermənistanın Azərbaycan torpaqlarında həyata keçirdiyi işğal və soyqırım siyasətinə, “Başlıbel faciəsi”nə, “Tunel qətliamı”na və digər mövzulara həsr olunan çoxsaylı verilişlər və sənədli filmlər hazırlayıb.